Haqqımizda
SABAH magistratura BDU üzrə koordinator: Əliyev Ələkbər Əli Ağa oğlu
SABAH magistratura BDU üzrə məsləhətçi: Sadıqlı İqbal Əli oğlu
Bakı Dövlət Universiteti və Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) birgə “SABAH magistratura” proqramı çərçivəsində “Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması üzrə yeni məzmunun yaradılması və tətbiqi prosesinin təşkil edib. Sabah Magistratura layihəsi ARTİ tərəfindən 2021/2022-ci tədris ilində ilk dəfə tələbə qəbulu elan etmişdir. Qəbul aparılan ixtisaslaşmalar hamısı yenidir və ali təhsil müəssisələrində bu ildən ilk dəfə qəbul aparılmışdır. Sabah magistratura proqramı reallaşdırılan ali təhsil müəssisələri Bakı Dövlət Universitetinin “Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması da daxildir.
Məlum olduğu kimi, “SABAH” layihəsi ümumiyyətlə, savadlı, bacarıqlı, hazırlıqlı mütəxəssislərin yetişdirilməsini hədəfləyən bir layihədir. Sabah magistratura layihəsi də eyni prinsip üzərindən çıxış edir, məzunların ixtisasın müasir tələblərinə cavab verməklə yanaşı, tədqiqat qabiliyyətlərinin formalaşması, xarici dildə ünsiyyət bacarıqlarının yüksək olması gözləntilərimiz sırasındadır. Sabah magistartura qrupları olan ixtisaslaşmalarda sənaye ilə əməkdaşlıq çərçivəsində yeni təhsil məzmunu hazırlanmışdır ki, məzmun daha çevik, əmək bazarının tələblərinə uyğun dizayn edilmişdir. Hər bir ixtisaslaşma üzrə müəllim seçimlərinə xüsusi yanaşma tətbiq edilmiş, ali təhsil müəssisələrinin akademik heyəti ilə yanaşı əmək bazarının təmsilçiləri, sahə üzrə yüksək ixtisaslı mütəxəssislər, beynəlxalq təcrübəsi olan mütəxəssislər tədris prosesinə cəlb edilmişlər. Xüsusi fərqləndirici məqamlardan biri kimi layihələrin qrant əsaslı icrasını qeyd etmək mümkündür.
Layihənin icrasına ARTİ tərəfindən 2021-ci ilin avqust ayından etibarən başlanılmışdır. Təhsil İnstitutu ali təhsil müəssisələrinin elan etdiyi qrant müsabiqlərinə qatılmış və Bakı Dövlət Universitetinin “Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması üzrə müsabiqənin qaliblərindən biri olmuşdur. Universitetdə yerli əmək bazarının tələbləri, həmçinin beynəlxalq təcrübələr araşdırılaraq təhsil proqramları hazırlanmış, payız və yaz semestrlərində tədris aparan müəllimlər seçilmiş, sənaye nümayəndələri üçün “Ali məktəb pedaqoqu” təlimləri təşkil edilmiş, tələbə və müəllimlər üçün oriyentasiya tədbirləri təşkil edilmişdir. Bunlardan savayı, tələbələrin dərsdənkənar fəaliyyətləri üzrə silsilə tədbirlər-təlim və vebinarlar təşkil olunur. Universitetdə maddi-texniki bazanın qurulması, tədris resurslarının hazırlanması ilə bağlı ARTİ ilə birgə işlər görülür. Universitet-sənaye əməkdaşlığını genişləndirmək, tələbələrin istehsalat təcrübəsinin təşkili məqsədilə nüfuzlu işəgötürənlərlə danışıqlar aparılır.
Həmçinin, tələbələrin ingilis dili biliklərinin artırılması məqsədi ilə Britaniya Şurası tərəfindən ARDNŞ-in maliyyə dəstəyi ilə fakültativ məşğələlər keçirilir. “British Council” müəllimləri tərəfindən keçirilən İngilis dili məşğələlərində tələbələr bilik səviyyələrinə uyğun olaraq müvafiq qruplara bölünmüşdür. Məşğələlər həftə 2 dəfə , hər qrup üzrə 3 saat olmaqla keçirilir.
Layihənin əsas hədəfi müasir əmək bazarının tələblərinə uyğun, beynəlxalq rəqabətə davamlı peşəkar kadr hazırlığını təmin edəcək yeni məzmun və təlim infrastrukturunun yaradılması və onun dayanıqlığını stimullaşdırmaqdır.
Qeyd edək ki, layihəyə müvafiq sahə üzrə xaricdə təhsil almış azərbaycanlı gənc mütəxəssislər də cəlb olunub. “SABAH magistratura” proqramının BDU üzrə koordinatoru Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri professor Ələkbər Əliyevdir.
https://www.arti.edu.az/az/search?q=sabah+magistratura