17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2020Əsrlərin sınaqlarından çıxan, tarixən keşməkeşli yol keçən Azərbaycan müstəqil dövlətə sahib olmaq naminə əzmkarlıqla mübarizə aparıb. Azərbaycan xalqının azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 noyabr - Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa olunmasında önəmli və tarixi rol oynayıb.
Bu tarix Azərbaycan xalqının əbədiyaşar lideri Heydər Əliyevin müdrik siyasəti nəticəsində daha da əlamətdar xarakter alıb. Belə ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı. Bununla da milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atılmış oldu. Ulu Öndərin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələ müzakirə edildi. Üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Sessiya Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxararaq onun dövlət bayrağı kimi qəbul edilməsi ilə bağlı Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, Heydər Əliyev müasir və müstəqil Azərbaycanın şanlı tarixini yazdı.
Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəlişi xalqa ümid oldu. Bütün sahələrdə inkişaf müşahidə olunmağa başladı, xalqımızın milli dirçəlişi və mənəvi dəyərlərinin yüksək tutulması, adət və ənənələrimizin qorunub saxlanılması reallığa çevrildi.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına və milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xüsusi diqqət yetirir, ölkəmiz dünyada söz və nüfuz sahibi kimi tanınaraq müdafiə qüdrətini daha da artırır. Qürurla deyə bilərik ki, Ali Baş Komandanımız və rəşadətli ordumuz 30 ilə yaxın düşmən tapdağında olan əzəli vətən torpaqlarımızı işğaldan azad edib. Ulu Öndərimizin müqəddəs vəsiyyəti yerinə yetirilərək qədim Şuşa şəhəri daxil olmaqla Qarabağ torpaqlarında Azərbaycan bayrağı dalğalanır.
Bu Qələbənin mayasında rəhbər-dövlət-ordu-xalq birliyinin bərabərliyindən alınan güclü inam, möhtəşəm və sarsılmaz bağlılıq dayanır.