www.applmath.az

Home az | ru | en

8 noyabr Zəfər bayramı münasibəti ilə Qarabağ müharibəsi qaziləri ilə görüş

31/10/2022

28 oktyabr 2022-ci il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsində 8 noyabr Zəfər bayramı münasibəti ilə I və II Qarabağ müharibəsi iştirakçıları və qazilərlə tələbələrin görüşü keçirildi. Tədbiri fakültənin dekan müavini dosent Şamo Cəbrayılov öz çıxışıyla açıq elan edib, müharibə iştirakçıları, şəhidlər və qazilər haqqında geniş nitq söylədi. Tələbələrə fakültənin məzunları şəhid Tural Eyyubov və şəhid Rabil İsmayılov haqqında məlumat verdi. Eləcə də bildirdi ki, fakültədə təhsil alan II kurs tələbəsinin yoldaşı Valeh Bədəlov və III kurs tələbəsinin yoldaşı Cilingir Nəbiyev II Qarabağ müharibəsində şəhid olmuşlar.

Tədbirdə I Qarabağ müharibəsinin iştirakçıları olan fakültənin müəllimi mayor Hacı Məsmalıyev və fakültənin II kurs tələbəsinin valideyni Buqay Məmmədli müharibədə baş verən çətin, təhlükəli anlar, eyni zamanda bir çox insanın necə vüqarla heç nədən qorxmayaraq Vətənin hər qarışı üçün əzmlə bütün çətinliklərə dözərək mənfur düşmənə qarşı vuruşaraq şəhid olduqları barədə ürək ağrısı ilə çıxış etdilər. Sonra isə söz II Qarabağ müharibəsi qaziləri, fakültənin tələbələri Vüsal Qarayev, Cavid Əliyev və Tural Şirəliyevə verildi. Qazilərimiz öz keçdikləri ağır və eyni zamanda qürürverici döyüş yollarından, erməniləri necə məhv etmələrindən və doğma dədə baba torpaqlarımıza qovuşmalarından geniş bəhs etdilər. Sonda II kurs Tİ-68 qrup tələbələri “Xudayar təsnifi”ni ifa edərək tədbiri yekunlaşdırdılar.

Allah bütun şəhidlərimizə rəhmət etsin! Hərbçilərimizə və qazilərimizə sağlam ömür arzulayırıq! Yaşasın Azərbaycanın mərd, qorxmaz igidləri!

Yaşasın Azərbaycan!  QARABAĞ AZƏRBAYCANDIR!!!


Bookmark and Share