www.applmath.az

Home az | ru | en

Akademik Məcid Lətif oğlu Rəsulov - 100

31/10/2016

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Məcid Lətif oğlu Rəsulovun 100 illik yubileyinə həsr olunmuş «Nəzəri və tətbiqi riyaziyyatın aktual məsələləri» mövzusunda Respublika  elmi  konfransı keçirilmişdir. Konfrans Azərbaycan Respublikası Təhsil Nazirinin 488 saylı, 18.07.2016-cı il tarixli əmri ilə həyata keçirilmiş və bu əmrin icrası ilə bağlı  Bakı Dövlət Universitetinin rektoru, akademik A.M. Məhərrəmovun R-84 saylı, 16.09.2016-cı il tarixli əmri ilə konfransın keçirilməsi üçün Təşkilat Komitəsi yaradılmışdır. Konfrans 28-29 oktyabr 2016-cı il tarixlərində akademik M.L. Rəsulovun vətəni Şəki şəhərində, ADPU-nun Şəki filialında keçirilmişdir.

Konfrans öz işinə 28 oktyabr 2016-cı il tarixində saat 10-00-da ayrı-ayrı bölmələrdə görkəmli alimlərin çıxışları ilə başlamışdır. Konfransda iki gün ərzində 100-dən çox məruzələr edilmiş və bu məruzələrin hər biri maraqla dinlənilmişdir. Konfransın keçirildiyi günlərdə akademik M.L. Rəsulovun doğulduğu küçəyə onun adı verilmiş və barelyefinin təntənəli açılışı olmuşdur. Təntənəli mərasimdə çıxış edən Şəki İcra Hakimiyyətinin başçısı Elxan Usubov və BDU-nun rektoru, akademik A.M. Məhərrəmov  M.L. Rəsulovun keçdiyi həyat yolundan, onun elmi nailiyyətlərindən danışaraq, mərasimdə iştirak edənlərə geniş məlumat vermişlər.

Həmin gün axşam Şəki Dövlət Dram Teatrında yubileyə həsr edilmiş təntənəli mərasim keçirilmişdir. Ü. Hacıbəyov, Q.Qarayev və Azərbaycanın digər görkəmli bəstəkarlarının əsərləri ilə müşayət olunan mərasimdə Şəki İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək yubileyin Şəki şəhərində, akademik M.L. Rəsulovun vətənində keçirilməsini müsbət hadisə kimi dəyərləndirmişdir. BDU-nun rektoru, akademik A.M. Məhərrəmov çıxışında Şəki ictimaiyyətinə dərin minnətdarlığını bildirmiş və akademik M.L. Rəsulov haqqında olan xoş xatirələrindən söhbət açmışdır. Vaxtı ilə akademik M.L. Rəsulovun tələbəsi olmuş, AMEA-nın müxbir üzvü, prof. Y.Ə. Məmmədov akademik M.L.Rəsulovun Diferensial tənliklər sahəsində aldığı mühüm elmi nəticələr, Moskvanın “Nauka” nəşriyyatında çap etdirdiyi monoqrafiyalar, onun yaratmış olduğu elmi istiqamətlər  haqqında mərasim iştirakçılarına  geniş məlumat verərək, onun Azərbaycan riyaziyyat məktəbinin formalaşmasındakı rolundan danışmışdır.

Mərasimdə digər məruzələr də dinlənilmişdir.

Yubileyə həsr edilmiş təntənəli mərasimin sonunda akademik M.L. Rəsulova həsr edilmiş video-çarx nümayiş etdirilmişdi

 

Şəki Dövlət Dram Teatrında yubileyə həsr edilmiş təntənəli mərasimdə Şəki İcra Hakimiyyətinin başçısı Elxan Usubov
çıxış edir.

Şəki Dövlət Dram Teatrında yubileyə həsr edilmiş təntənəli mərasimdə BDU-nun rektoru, akademik A.M. Məhərrəmovun çıxışı.

Şəki Dövlət Dram Teatrında yubileyə həsr edilmiş təntənəli mərasimdə AMEA-nın müxbir üzvü, prof. Y.Ə. Məmmədovun çıxışı.

BDU-nun rektoru, akademik A.M. Məhərrəmov jurnalistlərə müsahibə verərkən.

Akademik M.L. Rəsulovun adı verildiyi küçədə onun barelyefi.

Barelyefin açılışı mərasimi.

Bookmark and Share