www.applmath.az

Home az | ru | en

Akademik Məcid Rəsulovun anım günüdür

10/02/2021

Bu gün akademik, özünün elmi istiqamətini yaratmış, riyazi fizika tənlikləri üzrə görkəmli mütəxəssis, 1960-1993-cü illərdə BDU-da Riyazi fizika tənlikləri kafedrasının müdiri vəzifəsində çalışmış, diferensial tənliklər və funksional analiz kimi sahələrdə çalışmış riyaziyyatçı-alim Məcid Lətif oğlu Rəsulovun anım günüdür.

Məcid Rəsulovun ilk elmi araşdırmaları onun 1946-1948-ci illərdə "Diferensial tənliklər üçün bəzi qarışıq məsələlərin həllinin çıxııqlar üsulu ilə araşdırılması" mövzusunda yazdığı namizədlik dissertasiyasında ümumiləşdirilmişdir. O, bu işdə xətti funksionalın altfəzasında bütün Banax fəzasına davamının yeganəliyinin zəruri və kafi şərtlərini almış və baxılan birölçülü xətti diferensial operatorun normallığı üçün zəruri və kafi şərti isbat etmişdir. M.Rəsulov 1960-cı ildə SSRİ EA-nın V.A.Steklov adına Riyaziyyat İnstitutunun Elmi Şurasında "Xüsusi törəməli xətti diferensial tənliklər üçün qarışıq və sərhəd məsələlərinin həllinin çıxıqlar üsulu" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır.

XX əsrdə xalqımızın yetişdirdiyi nadir şəxsiyyətlərdən biri olan akademikin tədqiqatlarını dörd istiqamətə ayırmaq mümkündür:  Birinci istiqamətə xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsinə dair işləri, ikinci istiqamətə isə xətti diferensial operatorların spektral nəzəriyyəsi sahəsindəki işləri aiddir. Funksional analizə aid olan üçüncü istiqamət üzrə işlərində Banax fəzasında təyin olunan xətti funksionalların normasını saxlamaqla davamının yeganəlik şərtləri isbat edilmişdir. Dördüncü istiqamət üzrə işlərində funksional analizi diferensial operatorlar nəzəriyyəsinə tətbiq etməklə adi xətti diferensial operatorun normallıq şərtini almışdır.

Məcid Rəsulov tərəfindən yazılmış və Moskvada "Nauka" nəşriyyatında nəşr edilmiş (1964) "Kontur inteqralı üsulu" adlı fundamental monoqrafiyasında 1950-1962-ci illər arası çıxıqlar və kontur inteqralı üsullarının işlənib hazırlanması zamanı alınan nəticələr öz əksini tapmışdır. Monoqrafiyanın redaktoru professor A.İ.İvanov öz rəyində yazır: "Məcid Lətif oğlu Rəsulovun monoqrafiyası riyazi ədəbiyyatda müstəsna bir hadisədir. Dünya mətbuatında buna bənzər bir kitab yoxdur. Azərbaycanın riyazi cəmiyyəti belə bir işin Azərbaycan Dövlət Universtetində yazılması ilə fəxr edə bilər". Bu monoqrafiya işıq üzü görən kimi, onun müəllifi tətbiqdə rast gəlinən bir sıra vacib riyazi fizika tənliklərinin həlli ilə bağli işləyib hazırladığı üsullar haqqında mühazirələr oxumaq üçün Moskvaya dəvət alır. O, 1964-cü ildə ümumittifaq "Bilik" cəmiyyətinin mərkəzi lektoriyasında "Riyazi fizika tənliklərinin həllinin çıxıqlar üsulu" mövzusunda mühazirə oxuyur. 1965-ci ilin yanvarında isə "Çıxıqlar üsulu və kontur inteqralı üsulu" adlı yeddi silsilə mühazirə ilə çıxış edir.

1967-ci ildə "Kontur inteqralı üsulu" monoqrafiyası İngiltərə Kral Riyaziyyat Cəmiyyətinin sifarişi ilə ingilis dilinə tərcümə olunur və Hollandiyada, Amerika Birləşmiş Ştatlarında, Kanadada çap olunur. Qeyd edək ki, bununla da o, xaricdə monoqrafiyası çap olunan ilk azərbaycanlı riyaziyyatçı olur.

M.Rəsulovun ikitərtibli parabolik sistemlər üçün məsələlərin həllinə kontur inteqralı üsulunun tətbiqinə həsr olunmuş "İkinci tərtib parabolik sistemlər üçün məsələlərə kontur inteqralı üsulunun tətbiqi" adlı monoqrafiyası 1975-ci ildə Moskvada, SSRİ EA-nın "Nauka" nəşriyyatinda çap edilmişdir. Bakıda, Azərb. SSRİ EA-nın "Elm" nəşriyyatında M.L.Rəsulovun 1989-cu ildə nəşr olunmuş "Çıxıqlar üsulunun diferensial tənliklər üçün məsələlərin həllinə tətbiqi" adlı üçüncü monoqrafiyası çıxıqlar üsulunun inkişafına həsr olunmuşdur. Akademik M.L.Rəsulovun rəhbərliyi altında 20-dən çox namizədlik və doktorluq dissertasiyaları yazılmış və müdafiə edilmişdir. O, bir çox orden və medallarla təltif edilmiş və ona 1989-cu ildə Azərbaycan SSR Əməkdar Elm xadimi fəxri adı verilmişdir.

Akademik Məcid Rəsulov 1993-cü il fevral ayının 11-də 77 yaşında vəfat etmişdir.

Görkəmli alim, pedaqoq, əsl ziyalı Məcid Rəsulovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

 

Bookmark and Share