www.applmath.az

Home az | ru | en

Bakı Dövlət Universitetinin tələbələri ilə “MAGNUS – Partnyor universitetlərdə mobil tətbiqlər və kompüter oyunları üzrə magistr tədris proqramlarının yaradılması” Erasmus+ KA2 layihəsi çərçivəsində görüş

08/06/2022

07 iyun 2022-ci il tarıxində Bakı Dövlət Universitetinin tələbələri ilə “MAGNUS – Partnyor universitetlərdə mobil tətbiqlər və kompüter oyunları üzrə magistr tədris proqramlarının yaradılması” Erasmus+ KA2 layihəsi çərçivəsində görüş keçirilmişdir.

Bakı Dövlət Universiteti 2019-cu ilin yanvar ayından Avropa İttifaqının maliyyələşdirdiyi və İsveçin Linköping Universiteti, Böyük Britaniyanın Derbi Universiteti, Estoniyanın Tallin Universiteti və Portuqaliyanın Tomar Universiteti, həmçinin Rusiya Federasiyasının Həştərxan Universiteti, Voronej Universiteti, Cənubi Federal Universiteti, Azərbaycan Respublikasının Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Mühəndislik Universiteti tərəfindən birgə icra olunan “MAGNUS – Partnyor universitetlərdə mobil tətbiqlər və kompüter oyunları üzrə magistr tədris proqramlarının yaradılması” Erasmus+ KA2 layihəsində tərəfdaş universitet kimi iştirak etməyə başlamışdır.

Sözügedən layihənin məqsədi tərəfdaş universitetlərdə magistratura səviyyəsində  “Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı” adlı yeni ixtisaslaşmanın açılması ilə yanaşı tədris laboratoriyasının təşkil edilməsi və bu sahədə kadr hazırlığıdır. Bunlarla yanaşı olaraq Avropa universitetlərin təcrübəsindən faydalanmaq məqsədilə tərəfdaş ali məktəblərinin müəllim və tələbələri üçün İsveçdə, Böyük Britaniyada, Estoniyada və Portuqaliyada intensiv təlimlər, Azərbaycanda və Rusiyada yay məktəbləri və partnyor universitetlərin müəllim heyəti ilə mübadilə proqramlarının təşkilidir.

Görüşdə layihənin rəhbəri, İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri, t.e.d., professor Ələkbər Əliyev, layihənin icrasına cəlb olunan Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Elmi işlər üzrə dekan müavini dosent Aytəkin Əfəndiyeva və İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müəllimi Pərvin Əlizadə çıxış edərək bildirdilər ki, BDU-da təhsil, elm, sənaye və biznes vəhdətində müxtəlif sahələr üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məsələsi daim diqqət mərkəzindədir. Bu baxımdan beynəlxalq əməkdaşlığı, dünyanın qabaqcıl universitetləri və elmi müəssisələri ilə əlaqələri inkişaf etdirmək və onların təcrübəsindən yararlanaraq elm və təhsil sahəsində innovasiyaların tətbiqinə nail olmaq BDU-nun inkişaf strategiyasında prioritet məsələdir. O cümlədən məruzəçilər təhsil proqramının 120 kreditdən ibarət olması, təhsil müddəti ərzində magistrantlara 21 fənnin tədris olunması və fənnlərin tədrisinə BDU, AMEA, əmək bazarından ingilis dilində tədris edəcək yüksək ixtisaslı kadrların cəlb olunması haqqında geniş məlumat verdilər.

Görüşün sonunda “Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı” ixtisaslaşmasının birinci kurs magistrantı Məhəmməd Əhmədov çıxış edərək, yaradılmış müsir təhsil şəraitindən məmnunluğunu ifadə etdi və gələcəkdə tələbələrin bu ixtisaslaşma üzrə təhsillərini davam etmələrini tövsiyyə etdi.

Bookmark and Share