www.applmath.az

Home az | ru | en

BDU İsrailin Holon Texnologiya İnstitutu ilə birgə bakalavr hazırlayır

09/08/2021

Bakı Dövlət Universitetində (BDU) prioritet istiqamətlərin müəyyənləşdirilməsinə, elmi fəaliyyətin nəticələrinin kommersiyalaşdırılmasına, təhsilalanlarda yaradıcı və innovativ düşüncənin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Universitet istedadlı müəllim və tələbə kontingenti, əlverişli öyrənmə-öyrətmə mühiti, elmi tədqiqatları inkişaf etdirmək üçün resursları, strateji baxış, yenilik və çevikliyin inkişafını təşviq edən, çevik qərarlar qəbul edən və idarə edə bilən idarəetmə sistemi kimi qarşılıqlı şəkildə bir-birini tamamlayan mühiti formalaşdırmaqla elmi tədqiqatlar, beynəlxaq ikili və üçlü diplom proqramları, dinamik tədris proqramları və pedaqoji metodlarla biliklərin yayılmasına xidmət edir.

Artıq elmi araşdırmalar təhsil prosesinin ayrılmaz tərkib hissəsinə çevrilib. Əmək bazarında rəqabətə davamlı yüksək ixtisaslı mütəxəssislər hazırlanır, nəticəsi nüfuzlu elmi nəşrlərdə dərc olunan prioritet istiqamətlərdə elmi tədqiqatlar aparılır və patentlərin lisenziyalaşdırılması yolu ilə elmi-tədqiqat yönümlü yeni texnologiyaların inkişafına mühüm töhfə verilir.

BDU və İsrailin Holon Texnologiya İnstitutu (HTİ) arasında imzalanmış əməkdaşlıq müqaviləsi buna misal ola bilər. BDU və HTİ bakalavriatura pilləsində “Kompüter elmləri” ixtisası üzrə beynəlxalq ikili diplom proqramı üzrə təhsil, elm, sənaye və biznesin müxtəlif sahələri üçün kompüter elmlərinin müasir nailiyyətlərinə yiyələnmiş, informasiya texnologiyaları sahəsində dərin biliklərə malik olan, kompüter elmləri və texnologiyalarının fundamental və xüsusi tətbiqi metodlarından istifadə edərək öz peşə fəaliyyətlərində praktik problemləri formalaşdıran və effektiv həll edə bilən yüksək ixtisaslı mütəxəssislər hazırlayırlar. Tədrisdə beynəlxalq tələblərə cavab verən yeni uyğunlaşdırılmış tədris planı tətbiq edilir. Hər iki universitetin professor-müəllimlərindən və tədqiqatçılardan ibarət peşəkar kollektivi öyrənmə və tədqiqata yönəlmiş mühazirə və praktiki məşğələlər təşkil edir, kompüter elmləri sahəsi üzrə aktual problemlərin həlli ilə məşğul olan alim, tədqiqatçı və istehsalatdan olan mütəxəssislər tədrisə cəlb olunur.

 

Bookmark and Share