www.applmath.az

Home az | ru | en

BDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib

27/12/2018

Bakı Dövlət Universitetində professor-müəllim və tələbə heyətinin iştirakı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin universitetin foyesində qoyulmuş büstü önünə gül dəstələri düzüblər.

Azərbaycan Respublikası Təhsil Nazirinin müavini, Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Firudin Qurbanov tədbir iştirakçılarını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Firudin Qurbanov bu əlamətdar tarixin qeyd olunmasında Ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışaraq bildirib ki, ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu bəyan edib, xaricdə yaşayan azərbaycanlılarla məqsədyönlü iş aparılmağa başlanılıb. Prezident İlham Əliyevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrikini xatırladan Firudin Qurbanov ölkəmiz haqqında obyektiv məlumatların yayılması, dövlət və milli maraqların qorunması istiqamətində görülən işlərə diqqət çəkərək xalqımızın parlaq gələcəyinə əminliyini vurğulayıb.

Daha sonra Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini, professor Ziyafət Əsgərov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən, xarici ölkələrdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşmələrindən və bununla bağlı uğurlu dövlət siyasətindən danışıb.

Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev isə Həmrəylik Gününün tarixindən bəhs edərək, bu əlamətdar bayramın dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində xüsusi roluna diqqət çəkib.

Sonda Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar hazırlanmış filmin nümayişi olub və tədbir Bakı Dövlət Universitetinin özfəaliyyət kollektivinin təqdimatında bədii hissə ilə yekunlaşıb.

Bookmark and Share