www.applmath.az

Home az | ru | en

BDU-da Qarabağ ruhu

29/10/2020

Fəxrlərimizin ruhu şad olur

3-cü yazı

İnsan xoş əməlləri ilə özünə məxsus iz qoyur bu ömür dünyasında. Həyatını xalqının maariflənməsinə, Vətəninin tərəqqisinə sərf edən elm-təhsil fədailəri isə ictimaiyyət tərəfindən xüsusi hörmətlə, ehtiramla qəbul edilir, sevilir və xatirələrdə yaşayırlar.

Bakı Dövlət Universiteti bir əsrdən çox yaşı və ali təhsilimizin flaqmanı olan BDU-nun, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu ali elm və təhsil məbədinə verdiyi töfhələrlə bağlı silsilə yazılar dərc etməyə davam edir.

Yazılarımızın qəhrəmanları isə ürəyi Vətən üçün alışıb yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töfhələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən davam edən haqq mübarizəmizdə qazanılan qələbələr onların da ruhlarını şad edir.

Üçüncü yazımız 1988-1994-cü illərdə Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru olmuş akademik Cəlal Eyvaz oğlu Allahverdiyevlə bağlıdır.

Akademik Cəlal Eyvaz oğlu Allahverdiyev 1929-cu il sentyabrın 17-də Şuşa şəhərində anadan olmuşdur. 1946-cı ildə Bakı Dövlət Universitetinə daxil olmuş, 1951-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirərək əvvəl Bakı Dövlət Universitetinin, iki aydan sonra akademik Mstislav Keldışın təklifi ilə Moskva Dövlət Universitetinin aspiranturasına daxil olmuşdur. O, 1957-ci ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyası, 1968-ci ildə SSRİ EA-nın Tətbiqi Riyaziyyat İnstitutunda doktorluq dissertasiyası müdafiə etmiş, 1969-cu ildə professor elmi adı almışdır. 1972-ci ildə AEA-nın müxbir üzvü, 2001-ci ildə həqiqi üzvü seçilmişdir. 1956-1960-cı illərdə BDU-da baş müəllim, dosent, 1960-cı ildən AEA Hesablama Mərkəzində şöbə müdiri, elmi işlər üzrə direktor müavini, 1969-cu ildə AEA Kibernetika İnstitutunda direktor müavini, 1970-1988-ci illərdə direktor olmuşdur. 1988-1994-cü illərdə BDU-nun prorektoru, 1994-2017-ci illərdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində “Əməliyyatların tədqiqi və riyazi modelləşdirmə” kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Cəlal Allahverdiyev funksional analiz sahəsində mütəxəssisdir. Əsas işləri funksional analiz, stoxastik analiz və idarəetmə məsələlərinə həsr olunmuşdur. Aldığı elmi nəticələr “Allahverdiyev teoremi”, “Allahverdiyevin variasiya prinsipi”, “Allahverdiyev lemması” kimi funkisional analiz və cəbr üzrə xarici ədəbiyyatda yeni nəticələrin alınması üçün istifadə olunmuş və riyaziyyatçılar tərəfindən yüksək qiymətləndirilmişdir. Onun tələbələri ilə birgə dərc edilmiş bir sıra əsərlərində kompüterlərin iş prinsiplərinin nəzəri əsaslarının araşdırılması, təkmilləşdirilməsi, təbii dillərdə, o cümlədən Azərbaycan dilində kompyuterlə ünsiyyət mexanizmlərinin işlənib hazırlanması və Azərbaycan dilinin qrammatikasının təkmilləşdirilməsi, Azərbaycan dilinin formal qrammatikasının yaradılması istiqamətində fundamental məsələlər araşdırılmış və mühüm elmi nəticələr alınmış, deduktiv maşında qeyri-səlis çoxluqların təsviri və deduktiv nəticə alınmasının uyğun mexanizmi verilmişdir.

Akademikin elmi rəhbərliyi altında 6 elmlər doktoru, 40-dan çox fəlsəfə doktoru hazırlanmış, öz elmi məktəbini yaratmışdır. 130-dan çox elmi əsərin müəllifidir. 1975-ci ildə ABŞ, 1976-cı ildə isə Böyük Britaniyanın bir sıra ali məktəblərində mühazirələr oxumuşdur. 1996-cı ildə Hindistan, 1997-ci ildə isə Argentinada keçirilmiş məktəblilərin Beynəlxalq riyaziyyat olimpiadasında Azərbaycan komandasının rəhbəri olmuşdur. 1998-2000-ci illərdə İstanbul Universitetində çalışmışdır. Azərbaycan Sovet Ensiklopediyasının elmi redaksiya şurasının üzvü olmuşdur.

1972-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına, 1981-ci ildə Əməkdar elm xadimi adına layiq görülmüşdür. Akademik Cəlal Allahverdiyev 19 yanvar 2017-ci ildə 87 yaşında Bakı şəhərində vəfat etmişdir.

Əminik ki, Qarabağın tamamilə işğaldan azad ediləcəyi, müzəffər Azərbaycan ordusunun üçrəngli bayrağımızı unudulmaz Cəlal Allahverdiyevin dünyaya göz açdığı, musiqinin beşiyi sayılan Şuşa şəhərində ən hündür nöqtəyə sancacağı gün uzaqda deyil!

 

Bookmark and Share