www.applmath.az

Home az | ru | en

BDU-nun Elmi Kitabxanası xüsusi karantin dövründə oxuculara onlayn xidməti davam etdirir

14/08/2020

Respublikanın ali məktəb kitabxanaları arasında ən zəngin elmi və tədris fonduna və bir əsrlik zəngin tarixə malik olan Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası COVİD-19 pandemiyası ilə mübarizə dövründə də öz fəaliyyətini davam etdirir. Ciddi məhdudlaşdırıcı tədbirlər səbəbindən mart ayının 3-dən etibarən Azərbaycanda bütün təhsil müəssisələrinin fəaliyyətinin müvəqqəti olaraq dayandırılması ilə əlaqədar Elmi Kitabxana BDU-nun professor-müəllim heyəti və tələbə kontingentinə onlayn formada kitabxana-informasiya xidməti göstərir. Pandemiya dövründə Elmi Kitabxana fəaliyyətini dərslik və dərs vəsaitlərinin tammətnli elektron məlumat bazaları, beynəlxalq məlumat bazaları, elektron kitablar, elektron jurnallar, elektron soraq-məlumat ədəbiyyatı: lüğətlər, ensiklopediyalar, dissertasiya və avtoreferatlar fondu, biblioqrafik arayışlar və digər onlayn elektron xidmətlər əsasında həyata keçirir.

Universitet kitabxanası olaraq fəaliyyətinin əsas istiqaməti istənilən şəraitdə professor-müəllim heyətini və tələbə kontingentini lazımi ədəbiyyatla, xüsusilə dərslik və dərs vəsaitləri ilə təmin edilməsi üzərində qurulub. Bu məqsədlə BDU-da istər aprel ayının 1-dən etibarən bakalavriatura və magistratura səviyyələri üzrə “Microsoft Teams” platforması üzərindən gündəlik dərslərin keçirildiyi videokonfrans vasitəsilə mühazirələrin təşkili ərəfəsində, istərsə də yay sessiyası zamanı xidmət prosesini dayandırmadan elektron dərs materiallarının oxuculara ötürülməsi təmin olunmuşdur. Məsafədən tədris prosesində iştirak edənlərin lazımi dərslik və dərs vəsaitləri ilə təmin olunması və onların informasiya tələbatlarının ödənilməsi məqsədilə Elmi Kitabxananın elektron kitabxana bölməsi xidmət göstərmişdir. Elmi Kitabxananın virtual kitabxana-informasiya xidməti BDU-nun rəsmi internet səhifəsi (http://bsu.edu.az) üzərindən həyata keçirilir. Oxucular Kitabxana ® Elektron kitabxana bölməsinə daxil olaraq elm sahələri üzrə qruplaşdırılmış, məsələn, tarix (977), sosial elmlər (454), kompüter elmləri (198), riyaziyyat və mexanika (195), fizika (200), kimya (169), hüquq və beynəlxalq münasibətlər (161), coğrafiya (151), biologiya (120), kitabxanaçılıq-informasiya (97), jurnalistika (91), geologiya (57), ekologiya (50), iqtisadiyyata dair (359) və s. elektron dərslik və dərs vəsaitlərindən istifadə edə bilirlər.

Elektron kitabxana 3700-dən çox dərslik və dərs vəsaitinin tam mətnini, 1300-dən çox bədii ədəbiyyat: folklor, müasir və klassik Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı nümunələrinin elektron variantını və tammətnli məlumat bazaları rubrikası ilə EBSCO elektron nəşriyyatının açıq girişi olan müxtəlif elm sahələri üzrə məlumat bazalarını, o cümlədən www.doabooks.org - 225 nəşriyyatdan 8872 adda peer-reviewed kitabları, www.doaj.org - 122 ölkədən 10082 adda jurnalı, ümumilikdə 23.402 nüsxə jurnalı öz oxucularının istifadəsinə təqdim edir.

Bookmark and Share