www.applmath.az

Home az | ru | en

ELM GÜNÜ

27/03/2024

Bu gün bildiyiniz kimi 27 mart ELM GÜNÜdür. Dünyanın bir sıra ölkələrində BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 10 noyabr tarixi Sülh və İnkişaf Naminə Ümumdünya Elm Günü kimi qeyd olunur. Bundan əlavə, ABŞ, Böyük Britaniya, İtaliya, Rusiya, Ukrayna, Hindistan, Qazaxıstan, İran və s. ölkələrdə də elmi inkişaf baxımından xüsusi əhəmiyyətə malik müxtəlif tarixlər milli elm günləri və həftələri kimi qeyd edilməkdədir.

Azərbaycanda isə martın 27-si “Elm Günü” kimi qeyd edilir. 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Resublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb.

Elm Günü”nün təsis edilməsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin elmə göstərdiyi müstəsna qayğının və alimə verdiyi yüksək dəyərin təzahürüdür. Ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri elm və təhsil sahəsində göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılmasıdır.

Bu gün resublikamızda elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması istiqamətində bir sıra mühüm qərarların qəbul edilməsi ən vacib və aktual məsələlərdəndir. Ölkəmizdə Elm Günü, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda “Elm Günü” olaraq 27 mart tarixinin müəyyən edilməsi Elmlər Akademiyasının son yüz ilə yaxın müddət ərzində xalqımızın sosial-iqtisadi və mədəni-mənəvi tərəqqisində oynadığı müstəsna rolla şərtlənir. 1945-ci ilin martında təsis edilən Elmlər Akademiyası Azərbaycan xalqının intellektual potensialının formalaşdırılmasında, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında xüsusi xidmətlər həyata keçirmişdir.

Ümummilli lider Heydər Əliyev Akademiyanı “Azərbaycan xalqının milli sərvəti” adlandırmışdır.

Dünya elminə böyük töhfələr bəxş edən dövlətlər sırasında olan Azərbaycan elm və təhsil sahəsində mühüm nailiyyətlər qazanıb. Ölkəmizdə elmi fəaliyyətlə bağlı qanunvericilik bazası bu sahənin inkişafına geniş imkanlar yaradır.

Bu baxımdan “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və bunun həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı, 2016-cı ildə qəbul edilmiş “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” və digər proqram və strategiyalar nümunə göstərilə bilər

Davamlı cəmiyyətin yaradılmasında elm və alimlər mühüm rol oynayır, vətəndaşların elmi nailiyyətlər haqqında məlumatlandırılması və bu proseslərdə iştirakı isə vacib amillərdəndir.

Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində mühüm tədbirlər həyata keçirilir. Alimlərə, xüsusən gənclərə dünyanın aparıcı ölkələrinin elmi müəssisələrində ixtisasartırma kursları keçmək və araşdırma aparmaq üçün imkanlar yaradılır, onların beynəlxalq elmi layihələrdə iştirakı təmin edilir. Eyni zamanda, ölkəmizdə elmi-texniki infrastrukturun modernləşdirilməsi, tədqiqat müəssisələrinin statusuna və vəzifələrinə uyğun olaraq onların maddi-texniki bazasının möhkəmləndirilməsində mühüm addımlar atılır. Həmçinin elm və təhsilin inteqrasiyasının təmin edilməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması sisteminin təkmilləşdirilməsi Azərbaycan elminin qarşısında duran əsas vəzifələrdəndir. Doktorantura, dissertantura və magistratura yolu ilə elmi kadr hazırlığı keyfiyyətcə yeni səviyyəyə qaldırılır.

Elm günü”nün qeyd olunması bütün ölkə üzrə elm sahəsində fəaliyyət göstərən alim və mütəxəssisləri bir araya gətirməklə yanaşı, həm də əldə olunan elmi nailiyyətləri ictimaiyyətə təqdim etməyə, Azərbaycan elmində olan çatışmazlıqları geniş şəkildə müzakirə etməyə və problemlərin həlli ətrafında birləşməyə imkan verir.

Hazırda bir tərəfdən dünyanın yeni reallıqları ilə şərtlənən qlobal çağırışlara, digər tərəfdən Azərbaycanın tarixi Zəfərindən sonra bölgədə və ölkədə yaranmış yeni reallıqlara uyğun olaraq, Azərbaycan elmi öz inkişafını davam etdirməkdədir.

Biz inanır və ümid edirik ki, Azərbaycanın elmi potensialı bir tərəfdən dövlətin elmə diqqət və qayğısı, digər tərəfdən də özünün daxili intellektual səfərbərliyi sayəsində yeni dövrün tələbləri baxımından daha mütəşəkkil konsolidasiya olunacaq, respublikanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafında bundan sonra da yaxından iştirak edəcək, həm də dünya elminə öz layiqli töhfələrini verəcəkdir.

Bir daha Sizlərin hamınızı 27 mart – Elm Günü münasibətilə təbrik edir, hər birinizə yeni-yeni elmi uğurlar, nailiyyətlər arzulayırıq!

Bookmark and Share