Fakultənin Dekani A.F. Mehdiyevə təbriklər
08/07/2014MEHDİYEV MƏHƏMMƏD FƏRMAN OĞLU
Əməkdar elm xadimi,
Azərbaycan MEA-nın həqiqi üzvü,
Fizika riyaziyyat elmləri doktoru, professor
Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Mehdiyev Məhəmməd Fərman oğlu 2 oktyabr 1941-ci ildə Laçın rayonunun Təzəkənd kəndində kolxozçu ailəsində anadan olmuşdur.
1961-ci ildə Ərdəşəvi kənd orta məktəbini bitirmişdir.
1966-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini bitirmiş və Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasına göndərilmişdir.
Aspirantura hazırlığını Rostov Dövlət Universitetində akademik İ.İ.Voroviçin rəhbərlik etdiyi «Elastikiyyət nəzəriyyəsi» kafedrasında keçmişdir.
1970-ci ilin yanvarında təyinatla Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi vəzifəsinə göndərilmişdir.
1975-ci ildə Rostov Dövlət Universitetinin dissertasiya şurasında namizədlik dissertasiyasını müdafiə etmişdir. 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi vəzifəsinə seçilmişdir.
1978-ci ilin sentyabrında Riyaziyyat və Mexanika İnstitutunda «Nazik divarlı konstruksiyalar» şöbəsinə rəhbər təyin edilmişdir.
1985-1991-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunun XKB direktorunun elmi işlər üzrə müavini işləmişdir.
M.F.Mehdiyev 1989-cu ildə Leninqrad Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır.
1994-cü ildə professor elmi adını almışdır.
1991-ci ildən 2002-ci ilin fevralına kimi Bakı Dövlət Universitetinin «Tətbiqi riyaziyyat» kafedrasının professoru vəzifəsində işləmişdir.
1981-1985-ci illərdə «Örtük və lövhələrin statistikası, rəqsi, dayanıqlığı» ümumittifaq elmi-tədqiqat proqramının rəhbərlərindən biri olmuşdur.
1973, 1975, 1976, 1981, 1983-cü illərdə M.F.Mehdiyevin aldığı elmi nəticələr SSRİ EA-nın Baş elmi katibinin məruzəsində mühüm işlər sırasında qeyd olunmuşdur. Onun tərəfindən elastikiyyət nəzəriyyəsində yeni «bircins həllər» metodu işlənib hazırlanmış, həmin metodun koməyilə örtük və lövhələr üçün elastikiyyət nəzəriyyəsinin üçölçülü məsələlərindən ikiölçülü məsələlrə keçid problemi öyrənilmişdir.
M.F.Mehdiyev tərəfindən örtük və lövhələrin ümumi riyazi nəzəriyyəsi yaradılmış, bu dəqiq münasibətlər əsasında örtük və lövhələrin klassik nəzəriyəsinin tətbiq olunma oblastı müəyyən olunmuşdur.
Nazik divarlı konstruksiyalarda əvvəllər məlum olmayan yeni dinamik effekt kəşf olunmuşdur. Xüsusi halda klassik elastikiyyət nəzəriyyəsinin Sen-Venan prinsipiin rəqs tezliyinin müəyyən qiymətindən sonra doğru olmadığı isbat olunmuşdur.
Alınmış dəqiq həllər əsasında M.F.Mehdiyev tərəfindən örtük və lövhələrin klassik nəzəriyyəsinə nəzərən daha dəqiq olan örtük və lövhələrin yeni tətbiqi nəzəriyyəsi verilmişdir.
Deformasiyalanan bərk cisim mexanikası sahəsində aldığı fundamental nəticələrlə yanaşı, M.F.Mehdiyev tərəfindən verilmiş «bircins həllər» metodu diferensial operatorların spektral nəzəriyyəsinə, diferensial tənliklərin asimptotik inteqrallama metoduna ciddi yenilikdir.
Son illərdə M.F.Mehdiyev və onun tələbələri tərəfindən anizotrop örtüklərin ümumi nəzəriyyəsi yaradılmış, bu nəzəriyyələr əsasında mövcud texniki nəzəriyyələrin tətbiq olunma oblastları müəyyən edilmişdir
Xüsusi halda elmi ədəbiyyatda akademik S.A.Ambartsumyan nəzəriyyəsinin klassik Kirqof-Lyav nəzəriyyəsinə nəzərən dəqiq olması müddəası rədd edilmişdir. Çətinliyinə və mürəkkəbliyinə baxmayaraq S.A.Ambartsumyan nəzəriyyəsini klassik Kirqof-Lyav nəzəriyyəsinə ekvivalentliyi isbat edilmişdir.
M.F.Mehdiyev dəfələrlə örtük və lövhələr üzrə ümumittifaq konfranslarda, SSRİ mexaniklərinin qurultaylarında, seminarlarında elmi məruzələrlə çıxış etmişdir.
M.F.Mehdiyev professor Ş.M.Mütəllimovla birlikdə elastiki və elastiki-plastiki mühitdə dalğa mexanikasına dair silsilə tədqiqatlar aparmışdır. Xarici mühitin təsirini nəzərə almaqla çevik konstruksiyalarda zərbə dalğalarının yayılması prosesi öyrənilmişdir.
Professor M.F.Mehdiyev həm də optimallaşdırma məsələləri ilə də məşğul olur. O, impuls təsirli determinik oyunlarda yəhərvarı nöqtənin varlığı üçün zəruri şərtlər tapmışdır. Eyni zamanda həmin şərtlərin zəruri və kafi olduğu siniflər müəyyən edilmişdir. Qeyri-lokal (çoxnöqtəli, inteqral) şərtli optimal idarəetmə məsələsində optimallıq üçün birinci və ikinci tərtib zəruri şərtlər alınmışdır. M.F.Mehdiyev bu sahədə 6 elmlər namizədi hazırlamışdır.
M.F.Mehdiyev kosmik uçuş aparatlarının təkmilləşdirilməsində və yeni kosmik aparatların yaradılmasında icraçı, məsul icraçı, mövzu rəhbəri və möhkəmlik məsələləri üzrə baş layihə konstruktoru kimi bilavasitə iştirak etmişdir. O, həmçinin respublikanın bir çox sənaye obyektlərinin sifarişlərini yerinə yetirmişdir.
Onun müəlliflərindən biri olduğu «Sualtı rezervuar» ixtirası iki dəfə beynəlxalq sərgidə (Dehli, Sofiya) ikinci yeri tutmuşdur.
M.Mehdiyev Amerika Bioqrafiya İnstitutu tərəfindən 2003-cü ilin adamı elan edilib, 2004-cü ildə isə həmin İnistitut tərəfindən elm və bəşəriyyət qarşısındakı xidmətlərinə görə qızıl medala layiq görülüb. Amerikanın «Albert Helson Marqus» fondu tərəfindən çap olunan «Dünyanın görkəmli adamları» ensiklopediyasının 23-cü cildində M.F.Mehdiyev haqqında ətraflı məlumat verilib.
2010-cu ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən «Öz ölkəsini dünyada şöhrətləndirən adam» nominasiyası üzrə qızıl medala layiq görülmüşdür. İngiltərənin Kembric Universiteti tərəfindən böyük elmi naliyyətlərinə görə «Leonardo Da Vinçi almazı» medalı ilə təltif olunmuşdur.
- Bakı Dövlət Universitetinin Böyük Elmi Şurasının üzvüdür.
O, çap olunmuş 91(xaricdə və respublikada) əsərin, o cümlədən 2 monoqrafiyanın, 1 dərslik, 2 dərs vəsaitinin, eyni zamanda keçmiş ittifaqın qapalı mətbuatında çap olunmuş bir çox əsərlərin müəllifidir.
30 iyun 2001-ci ildə M.F.Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasına müxbir üzv, 30 iyun 2014-cü ildə mexanika ixtisası üzrə həqiqi üzv seçilmişdir.
M.F.Mehdiyev 2002-ci ilin fevralında Bakı Dövlət Universitetinin «Tətbiqi analizin riyazi üsulları» kafedrasının müdiri vəzifəsinə seçilmişdir və hal-hazırda həmin kafedranın müdiri vəzifəsində çalışır. 16 yanvar 2008-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı seçilmişdir.
M.F.Mehdiyev 1993-cü ilin martından Yeni Azərbaycan Partiyasının üzvüdür.
30 sentyabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Mehdiyev Məhəmməd Fərman oğluna «Əməkdar elm xadimi» fəxri adı verilmişdir.