www.applmath.az

Home az | ru | en

Gənc istedadlar liseyində Bilik günü

15/09/2015

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində Bilik günü keçirilib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov Bilik günü tədbir iştirakçılarını təbrik edib, liseyin qazandığı uğurlardan danışıb.  Rektor liseyi bu il bitirən məzunların nüfuzlu ali məktəblərə qəbul olduğunu, onlardan 16-nın 600-dən yuxarı bal topladıqlarını, 4 nəfərin qızıl medala layiq görüldüklərini diqqətə çatdırıb.  “Gənc istedadlar” liseyinin 2012-2013-cü tədris ilində Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərindən biri olduğunu deyən rektor bu il liseyin 5-ci sinfinə qəbul olmuş şagirdlərin də etimadı doğruldacaqlarının, universitetə şərəf  gətirəcəklərinə ümid etdiyini bildirib. Yeni dərs ilinin başlanması münasibətilə təbriklərini çatdıran liseyin direktoru, professor Qasım Hüseynov lisey şagirdlərinin 2012-ci ildə Astana və 2013-cü ildə Daşkənd şəhərlərində keçirilmiş Beynəlxalq Mendeleyev Olimpiadasında, 2013-cü ildə Moskvada keçirilmiş Məktəblilərin Ümumdünya Kimya Olimpiadasında, 2011, 2013 və 2014-cü illərdə Bakıda keçirilmiş Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasında qaliblər sırasında olduğunu vurğulayıb. Son dörd ildə Bakıda keçirilən “Sabahın alimləri” Respublika müsabiqələrində I yerə layiq görülmüş şagirdlərdən 8 nəfərinin 2012, 2013, 2014 və 2015-ci illərdə ABŞ-da keçirilən Beynəlxalq müsabiqədə ölkəmizi təmsil etdiklərini qeyd edib. Tədbirin sonunda 2014-2015-ci tədris ilinin ilk zəngi səslənib.

Qeyd edək ki, 2007-ci ildən BDU nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində  tədris Azərbaycan və rus dillərində aparılır.

Bookmark and Share