www.applmath.az

Home az | ru | en

“Qadınlar və qızlar elmdə” Beynəlxalq Qadınlar gününə həsr olunmuş konfrans keçirilib

06/03/2018

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda bu qurumun və Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə BMT-nin təsis etdiyi “Qadınlar və qızlar elmdə” Beynəlxalq Qadınlar gününə həsr olunmuş konfrans keçirilib.

Tədbirdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin qızlar arasında fəallığı ilə seçilən 50 gənc tədqiqatçısı iştirak edib.

Bakı Dövlət Universitetinin ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva çıxış edib. O, elmin, təhsilin qadınlar üçün əhəmiyyətini qeyd edən S.Hacıyeva bildirib ki, ölkəmizdə bu sahələrin inkişafına böyük diqqət və qayğı göstərilir. Bu məqsədlə Elmin İnkişafı Fondunun təsis edildiyini söyləyən professor gənc tədqiqatçılara yaradılan şəraitdən faydalanmağı, elmlə ciddi məşğul olmağı tövsiyə edib.

S.Hacıyeva anası, görkəmli kimyaçı alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli akademik Rəfiqə Əliyevanın elmi fəaliyyətindən söz açıb. Bildirilib ki, ömrünün böyük hissəsini bu universitetdə ixtisaslı kadrların hazırlanmasına sərf edən Rəfiqə xanım Əliyeva böyük kimyaçı alim olmaqla yanaşı, Azərbaycanın analitik kimya sahəsində ilk qadın akademiki, bir çox elmi yeniliklərin müəllifi kimi tarixə düşüb. S.Hacıyeva vurğulayıb ki, bu görkəmli alimin elmi məqalələri, əsərləri, dərslikləri elm və təhsilimiz üçün əvəzsiz töhfədir, elmi fəaliyyəti gənc nəslə örnəkdir. O, elmdə ailə xəttini davam etdirdiyini deyib, qadınların hərtərəfli inkişafının reallaşdırılması istiqamətində həyata keçirilən mühüm layihələrdən, Azərbaycanda qadınların elmə, mədəniyyətə və iqtisadiyyata verdiyi dəyərli töhfələrdən söz açıb.

Gənc tədqiqatçılar Azərbaycanın və dünyanın tanınmış alimləri haqqında təqdimatlarla çıxış ediblər.

Daha sonra “Qadınlar və qızlar elmdə” mövzusunda videoçarx nümayiş olunub.

Elmin inkişafı sahəsində fəallığı ilə seçilən gənc tədqiqatçılar Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Elmin İnkişafı Fondunun diplomu ilə təltif ediliblər.

Bookmark and Share