www.applmath.az

Home az | ru | en

Ramin Əli Nazim oğlu Mahmudzadə vəfat edib

09/08/2022

1935-ci il avqustun 31-də Bakı şəhərində görkəmli ədəbiyyatşünas alim Əli Nazimin ailəsində doğulub. İbtidai təhsilini Ağstafa və Gəncədə, orta təhsilini isə Ukraynanın İvano-Frankovsk şəhərində alıb.

1953-cü ildə Dnepropetrovsk Dağ-Mədən İnstitutunun fizika fakültəsinə qəbul olunub. 1955-ci ildə həmin ali məktəbdə təhsilini yarımçıq qoyaraq Azərbaycana qayıdıb və 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1958-ci ildə göndərişlə təhsilini Leninqrad Dövlət Universitetində davam etdirib. 1961-ci ildə həmin təhsil ocağını uğurla başa vuraraq Bakıya qayıdıb və Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində assistent işləyib. 1973-cü ildən tətbiqi riyaziyyat və kibernetika fakültəsində dərs deyib. 1981-ci ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. Baş müəllim, dosent, kafedra müdiri vəzifələrində işləyib.

1982-ci ildə tələbələr arasında proqramlaşdırma üzrə keçirilən ilk Ümumittifaq olimpiadasında Azərbaycan komandasına rəhbərlik edib.

1990-cı ildən 2019-cu ilədək məktəblilər arasında informatika üzrə respublika olimpiadalarında münsiflər heyətinin sədri olub. 1993-cü ildən 2019-cu ilədək Beynəlxalq İnformatika Olimpiadalarında Azərbaycan komandasının rəhbəri olub. 2003-cü ildən Proqramlaşdırma üzrə Beynəlxalq Tələbə Olimpiadasının (ACM/ICPC) regional 1/4 finalına başçılıq edir.

Ümumtəhsil məktəbləri üçün “İnformatika” dərsliklərinin, “Məktəblilərin informatika olimpiadaları” (2015), “C++ dilində proqramlaşdırmanın əsasları” (2020) kitablarının müəlliflərindəndir.

“Şöhrət” ordeni (2005) ilə təltif edilib. “Əməkdar müəllim” fəxri adına (2019) layiq görülüb.

Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin professor-müəllim heyəti  fakültənin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının dosenti Mahmudzadə Ramin müəlkimin vəfatı ilə əlaqədar kədərləndiklərini bildirir və  ailəsinə dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin.

Bookmark and Share