www.applmath.az

Home az | ru | en

“Riyazi kibernetika” kafedrasının dosenti Şimiyev Həşim Vəli oglu vəfat edib

29/10/2020

Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “Riyazi kibernetika” kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Şimiyev Həşim Vəli oğlu 1952-ci il yanvar ayının 2-də Azərbaycan Respublikası Naxçıvan MR-in Ordubad rayonunun Bist kəndində anadan olmuşdur. 1968-ci ildə Naxçıvan şəhər 7 saylı orta məktəbini gümüş medalla bitirmisdir. Elə həmin il Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1973-cü ildə BDU-nun Tətbiqi riyaziyyat fakültəsini bitirib, təyinatla AMEA-nın Kibernetika İnstitutuna göndərilmişdir. 1973-1977-ci illərdə Bakı Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. 1974-1978-ci illərdə BDU-nun Hesablama mərkəzində işləmişdir. 1978-1995-ci illərdə AMEA-nın Riyaziyyat-Mexanika İnstitutunda işləmişdir. 1984-cü ildə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almaq  üçün namizədlik dissertasiyası müdafiə etmişdir. 1974-1988-ci illərdə BDU-da, Texniki Universitetdə və İnşaat Mühəndisləri Universitetində saat hesabı qaydada dərs demişdir. 1988-ci ildən 1997-ci ilə qədər "Ziya" kooperativinin idarə heyətinin sədri işləmişdir. 1997-ci ildən BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Riyazi kibernetika kafedrasında dosent vəzifəsində çalışmışdır. Münaqişələr nəzəriyyəsi üzərində elmi-tədqiqat işi aparırdı. 2 kitabın, 50-dən çox elmi məqalə və tezisin müəllifi olmuşdur. Beynəlxalq və respublika konfranslarında elmi məruzələrlə çıxış etmişdir. 28 oktyabr 2020-ci ildə vəfat etmişdir.

Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin professor-müəllim heyəti  fakültənin  “Riyazi kibernetika” kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Şimiyev Həşim Vəli oğlunun vəfatı münasibətilə kədərləndiklərini bildirir və ailəsinə dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin.

Bookmark and Share